Kuala Lumpurda “Azərbaycanın Mədəni İrsi” mövzusunda tədbir təşkil edilib
16 avqust 2024-cü il tarixində mədəni irs sahəsində ölkənin nüfuzlu qurumlarından olan Malayziya İrs Təşkilatında (Badan Warisan Malaysia) “Azərbaycanın Mədəni İrsi” mövzusunda tədbir təşkil etmişdir. Tədbirin əsas məqsədi Malayziya ictimaiyyətini Azərbaycanın zəngin mədəni irsi ilə tanış etmək, həmçinin bu günkü Ermənistan ərzisində və Azərbaycanın 30 il ərzində işğal olunmuş torpaqlarında Azərbaycan xalqına məxsus olan mədəni irsin məqsədyönlü və sistemli şəkildə məhv edilməsi barədə məlumatlılığın artırılması olmuşdur.
Tədbirdə elm adamları, nüfuzlu QHT rəhbərləri və təmsilçiləri, jurnalistlər, Malayziya İrs Təşkilatının rəhbərliyi və üzvlər, eləcə də mədəniyyət sahəsi ilə maraqlanan ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Səfir İrfan Davudov açılış nitqində Azərbaycan xalqının dərin tarixi köklərindən, zəngin mədəni irsindən, etnik və dini tolerantlıq xüsusiyyətlərindən, mədəniyyətlərin kəsişməsindəki coğrafi və mənəvi rolundan bəhs etmiş, mədəni irsin qorunması məsələsinin Azərbaycan dövlətinin və dövlət başçısının diqqət mərkəzində olmasını qeyd etmişdir. Səfir, Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, eləcə də 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş zərərlərdən, məqsədyönlü etnik təmizləmə siyasətindən ətraflı söz açmışdır.
AR Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış video çarxın nümayişindən sonra Səfirliyin müşaviri E.Salmanov “Azərbaycanın Mədəni İrsi” sərlövhəli təqdimat etmişdir. Təqdimatda Azərbaycanın tarixindən, mədəni dəyərlərindən, Azərbaycan dövlətinin mədəni və dini abidələrin qorunması istiqamətindəki fəaliyyətindən, işğal illərində mədəni irsin qorunması ilə bağlı müvafiq beynəlxalq normaların Ermənistan tərəfindən pozulmasından, Azərbaycanın işğaldan azad edilmiş ərazilərə yenidən həyat qaytarmasından, o cümlədən mədəni irsin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunmuşdur.
Təqdimatın ardından Şuşa ilə bağlı AR Mədəniyyət Nazirliyinin hazırladığı video çarx nümayiş etdirilmişdir. Tədbir çərçivəsində ölkəmizin müxtəlif mədəni, tarixi və dini abidələrinin şəkillərindən ibarət sərgi təşkil olunmuş, eləcə də ölkəmizin xalçaçılıq sənətinin nümunələri olan xalçalar nümayiş etdirilmişdir.