Azərbaycan ədiblərinin malay dilinə tərcümə olunaraq çap edilmiş hekayələrindən ibarət “Ürəkdə yazı” kitabının təqdimat mərasimi keçirilmişdir
Azərbaycan Respublikasının (AR) Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Malayziyaya həyata keçirdiyi işçi səfər çərçivəsində 12 oktyabr 2024-cü il tarixində Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində yerləşən “Ritz Carlton” mehmanxanasında Azərbaycan ədiblərinin malay dilinə tərcümə olunaraq çap edilmiş hekayələrindən ibarət “Ürəkdə yazı” (Coretan Hati-Antologi Cerpen Azerbaijan) adlı kitabın təqdimat mərasimi həyata keçirilmişdir.
AR Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Malayziyadakı Səfirliyi və Malayziyanın Tərcümə və Kitab İnstitutunun (Malaysian Institute of Translation&Books – ITBM) birgə əməkdaşlığı ilə çap olunan kitabın təqdimat mərasimində Kuala Lumpur şəhərinin meri xanım Datuk Seri Maimunah bint Mohd Şərif, Malayziya Parlamentinin üzvü, Qərbi Asiya regionu üzrə Dostluq Qrupunun rəhbəri Tuan Zahir bin Hassan, Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin baş katibi Datuk Roslan bin Tan Sri Abdul Rahman, Milli Birlik Nazirliyinin baş katibi Datuk Seri Hasnol Zam Zam, Malayziya XİN-in və Ali Təhsil Nazirliyinin əməkdaşları, xarici ölkələrin Malayziyada akkreditə olunmuş səfirləri, universitet rektorları, kitabxana direktorları və KİV nümayəndələri, həmçinin Malayziya, Tayland, Vyetnam, Laos, Komboca, İndoneziya, Koreya Respublikası, Filippin və İndoneziyadan gəlmiş Azərbaycan diasporu təmsilçiləri iştirak etmişlər.
Malayziya Tərcümə və Kitab İnstitutunun direktorlar şurasının sədri Nur Amin Əhməd, AR Diasporla iş üzrə DK-in sədri F.Muradov və AR-in Malayziyadakı Səfiri İ.Davudov çıxışlarında kitabın üç qurum arasında əməkdaşlığın səmərəli nəticəsi olaraq ərsəyə gəldiyini vurğulamış və bu istiqamətdə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını qeyd etmişlər.
Tədbir Azərbaycanın Xalq Artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" muğam qrupunun ifaları ilə davam etmişdir.