2025-05-29

Kuala Lumpurda Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilmişdir

Kuala Lumpurda Səfirlik tərəfindən cari ilin 28 may tarixində Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin 107-ci ildönümünə həsr edilmiş rəsmi qəbul keçirilmişdir.

Tədbirdə Malayziya hökuməti adından ali qonaq qismində Ali Təhsil Naziri, senator Dato Seri Diraja Zambri bin Abdul Qadir iştirak etmişdir. Həmçinin Selanqor ştatının şahzadəsi Tengku Sulaiman Shah Al-Hac ibni Almarhum Sultan Salahuddin Abdul Aziz Shah Al-Hac, Malayziya parlamenti nümayəndələr palatasının vitse-spikeri Dato Ramli bin Nohd Nor, Kuala Lumpur şəhərinin meri Dato Seri Paduka Maimunah binti Mohd Şarif, Malayziya Kralının bacıları şahzadə Tunku Mariam Zaharah və şahzadə Tunku Muna Naciah, Senatın və nümayəndəlr palatasının üzvləri, Malayziyada akkreditə olmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Malayziya Xarici İşlər, Turizm, Mədəniyyət və Sənətlər, İqtisadiyyat, İnsan Resursları və s. nazirliklərin, digər dövlət qurumlarının rəsmiləri, Azərbaycan icmasının fəalları, media təmsilçiləri, eləcə də Malayziya ictimaiyyətinin çoxsaylı nümayəndələri, o cümlədən QHT və biznes qurumlarının rəhbər vəzifəli şəxsləri, elm-təhsil ocaqlarının rəhbərləri və əməkdaşları qəbulda iştirak etmişlər.

Tədbirin əvvəlində ölkəmizlə bağlı video çarx nümayiş etdirilmişdir.

Daha sonra Ali Təhsil Naziri Zambri bin Abdul Qadir və səfir İrfan Davudov Azərbaycan və Malayziya xalqlarının tərəqqisi və firavanlığı, iki ölkənin dövlət başçılarının sağlamlığı və uğurlu fəaliyyətləri barədə arzularını çatdırmış, hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.

Səfir İ.Davudov bu əlamətdar gün ilə bağlı çıxış etmişdir. O, ölkəmizin şərəfli müstəqillik tarixindən və qədim dövlətçilik ənənəsindən bəhs edərək, xalqımızın 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli respublika qurduğunu, həmin dövr üçün bu addımın olduqca mütərəqqi nailiyyət hesab olunduğunu qeyd etmişdir. Bildirilmişdir ki, növbəti illərdə tarixin ağır sınaqlarına baxmayaraq, Azərbaycan xalqı milli özünəməxsusluğunu, milli mənsubiyyətini böyük mübarizələr hesabına qoruya bilmiş, 1991-ci ildə öz dövlətçilik irsini yenidən canlandıraraq, Azərbaycan Demokratik Respublikasının varisi kimi müstəqilliyini bərpa etmişdir.

Müstəqilliyin bərpasından sonra keçən dövr ərzində Ulu öndər Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun lider dövlətinə, dünya miqyasında sabitliyi, əmin-amanlığı, əməkdaşlığı dəstəkləyən fəal xarici siyasət yürütməsi ilə fərqlənən etibarlı tərəfdaşa çevrildiyi xüsusi qeyd edilmişdir. 

Səfir öz çıxışında Malayziya xalqına və hökumətinə Azərbaycana göstərilən daimi dəstək üçün təşəkkür edərək, iki ölkə münasibətlərinin daha da inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirləri qeyd etmiş və iqtisadi, humanitar, təhsil, bərpa olunan enerji, turizm və investisiya kimi müaxtəlif sahələrdə yaxın gələcəkdə mühüm irəliləyişlərə nail olunacağına, bütün bu sahələrdəki inkişafın iki ölkə arasındakı siyasi və qardaşlıq münasibətlərin səviyyəsinə uyğun səviyyəyə qaldırılacağına inandığını bildirmişdir.

Rəsmi hissədən sonra tədbir ziyafətlə davam etmişdir.   

 

Search in archive