2025-07-29

Kuala-Lumpurda “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” mövzusunda beynəlxalq seminar keçirilib

Azərbaycan Respublikasının Malayziyada Səfirliyi və Malayziyanın İnsan Hüquqları Komissiyasının (SUHAKAM) birgə təşkilatçılığı ilə cari ilin 28 iyul tarixində Kuala Lumpur şəhərində hibrid formatda “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda Malayziyanın dövlət qurumlarının (XİN, Müdafiə Nazirliyi) rəsmiləri, Malayziyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və nümayəndələri, media təmsilçiləri, eləcə də Malayziya ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Malayziyanın İnsan Hüquqları Komissiyasının sədri Dato’ Seri Mohd Hishamudin Md Yunus rəhbərlik etdiyi qurumla Səfirlik arasında qurulmuş dəyərli əməkdaşlığın bəhrəsi olaraq keçirilən seminarın Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə yaxından tanış olmaq üçün imkan yaratdığını bildirib. O, tədbirdə Malayziyanın müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakını qeyd edərək, tədbirin iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığa təkan verəcəyinə ümidvar olduğunu ifadə edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir İrfan Davudov tədbirin məqsədinin Azərbaycanın üzləşdiyi mina təhlükəsi, bu təhlükəni yaradan səbəblər və onunla mübarizə istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, xüsusilə humanitar minatəmizləmə, beynəlxalq yardım və əməkdaşlığın zəruriliyi ilə bağlı məsələləri işıqlandırmaq olduğunu diqqətə çatdırıb. Ermənistanın 30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində Azərbaycanın, ərziləri mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirən səfir İ.Davudov işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində təqribən 1 milyondan çox minanın basdırıldığını, təhlükəli ərazilərin Azərbaycan ərazisinin 13 faizdən çox hissəsini əhatə etdiyini vurğulayaraq, bu problemin xüsusilə mülki əhali üçün ciddi təhlükə yaratdığını, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli şəkildə qayıdışına əngəl törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir Azərbaycanın öz torpaqlarını işğaldan öz gücü ilə azad etmiş dünyanın nadir ölkələrindən biri olduğunu, lakin hələ də mina təhlükəsindən əziyyət çəkdiyini və bu problemin həll olunması üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb. O, Azərbaycanda mövcud mina probleminin insan həyatı üçün təhlükə mənbəyi olması ilə yanaşı, mədəni irsə və ətraf mühitə də böyük təhdid olduğunu bildirib.

Tədbirdə Malayziya Hökumətini təmsil edən Malayziya Kral Hərbi Hava Qüvvələrinin komandanı general Datuk Seri Muhamad Norazlan Aris öz nitqində, Asiyada minalardan tam şəkildə təmizlənmiş ilk ölkələrdən biri olaraq, partlamamış hərbi sursat, o cümlədən minalar və digər partlayıcı qalıqların yaratdığı təhlükələr barədə ictimaiyyətin məlumatlılığını artırmaq üçün qlobal təbliğatda Malayziyanın rolunu vurğulayaraq qeyd edib ki, Malayziya Silahlı Qüvvələri minalardan zərər çəkmiş bir sıra ölkələrdə humanitar səylərə töhfə verməyə davam etməkdədir. Azərbaycanda son 30 ildə 3400-dən artıq mina qurbanının olduğunu, təxminən 1 milyondan çox minanın isə hələ də basdırılmış olaraq qaldığına diqqət çəkərək, bunun sadəcə statistik məlumat olmadığını, minaların real insan həyatına əbədi olaraq və geri dönülməz şəkildə vurduğu ziyanın göstəricisi olduğunu bildirmişdir. O, belə bir seminarın beynəlxalq yardımın artırılmasına çağırış etmək, mina qurbanlarına hərtərəfli dəstəyin təşviqi və minaların təmizlənməsinin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının piyadalar əleyhinə minaların insan hüquqlarının tam şəkildə həyata keçirilməsinə təsiri haqqında 58/22 saylı Qətnaməsinin mühüm komponenti kimi tanınması üçün platforma rolunu oynayacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımov minatəmizləmə sahəsində Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair geniş təqdimat edib. O, mina və partlamamış hərbi sursatlarla dünyada ən çox çirklənmiş ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemin miqyası, ANAMA-nın humanitar minatəmizləmə fəaliyyəti, minatəmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi, mina ların insanın həyat və sağlamlığına yaratdığı təhlükə barədə ətraflı məlumat verib. E.Qasımov minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də ziyan yetirdiyini və Azərbaycanda minatəmizləmə problemlərinin həlli üçün beynəlxalq donorların da iştirakının əhəmiyyətini vurğulayıb. O, ANAMA-nın sözügedən sahədə topladığı təcrübə haqqında söz açıb və minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyaların, avadanlıqların və müasir yanaşmaların tətbiq edildiyini diqqətə çatdırıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı “Minaların insan hüquqlarına təsiri” mövzusunda “on-line” formatda çıxış/təqdimatında minaların insan hüquqlarına təsirini beynəlxalq humanitar hüquq və beynəlxalq hüquq normaları baxımından təhlil edərək bu sahədə mövcud normaların tələblərini diqqətə çatdırıb. O vurğulayıb ki, minalar təkcə silahlı münaqişə zamanı deyil, müharibədən sonrakı dövrlərdə də mülki əhali üçün ən böyük təhlükələrdən biri olaraq qalır. Bu təhlükə insanların yaşamaq hüququna, fiziki və psixoloji sağlamlığına, azad hərəkət etmək hüququna, sağlam ətraf mühitdə yaşamağa, təhsil və əmək hüquqlarına birbaşa təsir göstərir. Ermənistanın həyata keçirdiyi mina terroru insanların həyat və sağlamlıqlarına, ətraf mühitə zərər yetirməklə bərabər, beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqlarının kobud şəkildə pozulması ilə müşayiət olunur. Humanitar minatəmizləmənin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu, ANAMA-nın bu istiqamətdə mühüm fəaliyyət həyata keçirdiyi, Ermənistanın mina xəritələrini təqdim etməməsinin yaratmış olduğu çətinliklər seminar iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycan ombudsmanı mina qurbanlarının hüquqlarının müdafiəsi, onların sosial reinteqrasiyası və tibbi-psixoloji dəstəklə təmin olunması istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir, beynəlxalq təşkilatlara ünvanlanan hesabatlar, bəyanatlar və xüsusi məruzələr vasitəsilə Ermənistanın mina terroru nəticəsində baş verən insan hüquqları pozuntuları diqqətə çatdırılır. Nəzərə çatdırılıb ki, minalarla çirklənmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, otuz il müddətində hüquqları pozulmuş 800 mindən çox keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması prosesi gecikir. Bu isə həmin insanların fundamental insan hüquqlarının pozulması ilə nəticələnir. Çıxışının sonunda A.Səfixanlı beynəlxalq təşkilatların Ermənistanın mina terroruna, insan hüquq və azadlıqlarını pozması faktlarına biganə qalmaması, Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstəyin verilməsi, eləcə də ölkəmizə dəqiq mina xəritələrinin təqdim olunması üçün ciddi səylərin göstərilməsi ilə bağlı çağırışlar edib.

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) İdarəetmə Komitəsinin sədri, eyni zamanda Malayziyanın Kambocada səfiri kimi fəaliyyət göstərən Şaharuddin bin Onn “on-line” formatda çıxış edərək, ARMAC-ın Azərbaycanla beynəlxalq arenada əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyərək, təşkilatın qlobal humanitar minalarla mübarizə dialoquna hər zaman töhfə verdiyini vurğulayıb. O, həmçinin ARMAC-ın dəvəti ilə ANAMA nümayəndə heyətinin 2024-cü ilin avqust ayında Tailand, Laos, Vyetnam və Kamboca həyata keçirilən işçi səfərini xatırladıb, həmin vaxt minalarla çirklənmələrdən zərərçəkmiş şəxslərə yardımda ASEAN-ın qurumlararası koordinasiya modeli və reabilitasiya yanaşmaları barədə geniş təqdimatların nümayiş etdirildiyini vurğulayaraq, bu seminarı ARMAC-ANAMA arasında mövcud olan əməkdaşlıqda böyüyən körpünün bir hissəsi kimi gördüyünü diqqətə çatdırmışdır.

Daha sonra seminarda “on-line” formatda çıxış edən AR Milli Məclisinin deputatı Qaya Məmmədov keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Azərbaycan Hökumətinin külli miqdarda vəsait xərclədiyini, lakin Ermənistanın, işğaldan azad olunmuş, hətta keçmiş təmas xəttindən kənardakı mülki ərazilərdə minalar basdırmasının soydaşlarımızın qayıtması üçün ciddi əngəl törətdiyini diqqətə çatdırıb. Q.Məmmədov problemin miqyasının böyüklüyünə, azad edilmiş torpaqların mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün xarici yardımın 5 faizdən də az olmasına diqqəti cəlb edərək, beynəlxalq dəstəyin artırılmasının insan həmrəyliyi və davamlı sülhün əldə olunması baxımından vacibliyini vurğulayıb. O, minatəmizləmə sahəsində ölkəmizin qazandığı bilik və təcrübənin artıq beynəlxalq tərəfdaşlarla bölüşməsi barədə söz açıb.

Tədbir çərçivəsində həmçinin “Minaların qalıcı təsiri: mülki əhalinin məhvinə yönəlmiş silahlar” mövzusunda keçirilmiş paneldə Malayziya Silahlı Qüvvələri 1-ci Diviziya Kral Mühəndis Alayı Qərargahının Komandiri polkovnik Rashdan bin Abdul Rashid “Mina Məsələsini Anlamaq: Hərbi Perspektiv və onun təsiri” mövzusunda çıxış edib.

 

 

Search in archive