Malayziyada təhsil alan gənclərimizlə Səfirlikdə görüş təşkil olunub
Azərbaycanın Kuala-Lumpurdakı Səfirliyində Malayziyanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
Görüşdə gənclərimizin Malayziyada tələbəlik həyatı, dərsdənkənar fəaliyyətləri, onların təhsil müddətində üzləşdikləri çətinliklər müzakirə olunub, mövcud problemlər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan diasporunun gördüyü işlər, diaspor təşkilatlarının fəaliyyəti və milli həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb, gənclərimizin hər biri layiqli vətəndaş olaraq ölkəmizin təbliği və həqiqətlərimizin dünyaya çatdırılmasında fəal rol oynamağa çağırılıb.
Səfir İrfan Davudov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə diqqət çəkib, qarşıya qoyulan hədəflərə nail olunmasında, kadr tələbatının ödənilməsində xaricdə ali təhsil almış gənclərimizin də rol oynayacağına inandığını vurğulayıb.
Tələbələr müxtəlif istiqamətlər üzrə öz layihələri və ideyaları haqqında fikirlərini bölüşüblər. Belə görüşlərin Malayziyada yaşayan azərbaycanlı gənclərin birliyinin gücləndirilməsi və onların Azərbaycan diaspor hərəkatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
