2019-11-08

Azərbaycan səfiri Malayziyada diplomatik korpusun duayeni təyin olunub

Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyev noyabr ayının 7-də bu ölkədə akkreditasiya olunmuş dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Kuala Lumpur şəhərində keçirilmiş mərasimdə diplomatik korpusun duayeni təyin olunub. Mərasim zamanı bu tarixə qədər sözügedən vəzifəni həyata keçirən Vatikanın Malayziyadakı səfiri Cozef Salvador Marino Azərbaycan səfirini tədbir iştirakçılarına təqdim edərək, onun təcrübəli diplomat kimi uzun illərdən bəri bu sahədə uğurlu peşə fəaliyyəti göstərdiyini, qarşıdakı dövrdə onun Malayziyadakı diplomatik korpusun ümumi işinə önəmli töhfələr vermək əzmində olduğunu bildirib. 

Daha sonra Azərbaycan səfiri Q.Allahverdiyev öz çıxışında diplomatik korpus tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səylərini əsirgəməyəcəyini, Malayziyada akkreditə olunmuş diplomatik missiyalar, eləcə də bu missiyalar ilə Malayziyanın Xarici İşlər Nazirliyi arasında səmərəli münasibətlərin inkişaf etdirilməsinə çalışacağını vurğulayıb.

Qeyd edək ki, hazırda Malayziyada rezident (102) və qeyri-rezident olmaqla (48) olmaqla, 150 ölkənin səfirlik və ali komissarlığı, eləcə də Avropa İttifaqının nümayəndəliyi fəaliyyət göstərir. Bundan başqa, ölkənin müxtəlif ştat və şəhərlərində ümumilikdə 82 baş konsulluq, konsulluq və fəxri konsulluq institutları diplomatik təmsilçilik işi həyata keçirir. Həmçinin Malayziyada 27 müxtəlif beynəlxalq təşkilatın baş yaxud regional qərargahları akkreditə olunub.     

Search in archive