2021-11-05

AZƏRBAYCANLI İCMA FƏALINDAN ZƏFƏR GÜNÜ TƏBRİKİ

Malayziyada yaşayan Azərbaycan icmasının fəallarından Gülçöhrə Rao 8 Noyabr – Zəfər Gününün birinci ildönümünün qeyd olunması ərəfəsində xalqımızın bayram sevincinə maraqlı addımla qoşulub. Belə ki, peşəkar kulinar olan G.Rao bu əlamətdar bayram münasibətilə “Zəfər tortu” hazırlayaraq öz sevincini bölüşmək üçün səfirliyimizə gəlib.
 
Bu barədə G.Rao deyib: “8 Noyabr-Zəfər Günü xalqımızın tarixində mən deyərdim ki, ən parlaq qəhrəmanlıq səhifəsidir. Uzun illərdir işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti cənab İlham Əliyevin komandanlığı altında azad etdik və bu gün üçrəngli bayrağımız o müqəddəs torpaqlarımızda yenidən qürurla dalğalanır. Şuşadan və digər işğaldan azad edilmiş torpaqlarımızdan yenidən əzan səsi gəlir, vətəndaşlarımız yenə köhnə günlərdə olduğu kimi öz dədə-baba torpaqlarında böyük iftixarla azad şəkildə gəzirlər. Bir azərbaycanlı üçün bundan böyük nə xoşbəxtlik ola bilər ki? Mən həm də bir anayam. İstəyirəm ki, övladlarım bu tarixi günün əhəmiyyətini yaxşı dərk etsinlər. Ona görə də bayram sevincini övladlarımla yadda qalan şəkildə yaşamaq üçün belə qərara gəldim ki, bu əlamətdar günü bacardığım ən yaxşı sahə ilə qeyd edim. “Zəfər tortu” adlı bir keks hazırladım. Fikirləşdim ki, Azərbaycandan uzaqda olsam da, Malayziyada Azərbaycanı təmsil edən səfirliyimiz də bizim ana vətənin bir hissəsidir. Bu səbəbdən də, bu gün burada səfirliyimizlə bayram sevincimizi bərabər bölüşürük. Mən bu əziz bayram günündə yaxında və uzaqda olan bütün həmvətənlərimizi ürəkdən təbrik edir, qüdrətli xalqımıza, qüdrətli Ali Baş Komandanımıza möhkəm can sağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram”.
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov belə bir nəcib davranışa və vətənpərvərlik nümayişinə görə həmvətənimizə səfirlik adından təşəkkür edib, G. Rao-ya və onun ailəsinə, eləcə də bu əziz tarixi günü vətəndən uzaqda qeyd edən bütün azərbaycanlılara xoş bayram əhval ruhiyyəsi və yeni nailiyyətlər arzulayıb. Sonra səfir İ.Davudov G.Raonı həvəsləndirici hədiyyə ilə təltif edib, həmvətənimiz səfirlik kollektivi ilə xatirə şəkili çəkdirib.
 
 
 
 
 
 
 
 
 
 

Search in archive