2022-09-15

Malayziyanın milli xəbər agentliyi: Ermənistanın təxribatı sülh gündəliyinə açılmış atəşdir

May be an image of text

 

Kuala Lumpur, 14 sentyabr, AZƏRTAC

Malayziyanın BERNAMA milli xəbər agentliyi cari ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan-Azərbaycan şərti sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı hərbi təxribatına dair məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Malayziyadakı səfirliyinin müvəqqəti işlər vəkili Rafiq Rüstəmov tərəfindən verilmiş açıqlamaya geniş yer ayrılıb. Diplomat bildirib ki, Azərbaycan hərbi eskalasiyada maraqlı deyil. Qeyd edib ki, silahlı qarşıdurmanın meydana gəldiyi əraziyə yaxın yerlərdə Azərbaycan dövləti bir neçə milyard ABŞ dolları məbləğində investisiya layihələri həyata keçirir. O, belə silahlı toqquşmaların həmin layihələr üçün böyük təhlükə törətdiyini vurğulayıb.

Diplomat onu da bildirib ki, rəsmi Yerevanın belə cəhdləri 2022-ci il avqustun 31-də yüksək səviyyədə keçirilmiş Brüssel görüşündə əldə olunan razılaşmalara da zərbə vurub.

Azərbaycanlı diplomatın sözlərini sitat gətirən agentlik yazıb: “Brüssel görüşündən sonra Azərbaycan tərəfi cari il sentyabrın sonunda iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçirilməsini təklif etmişdi. Bu təklif də Ermənistan tərəfindən cavabsız qalıb”.

Məqalədə sözügedən silahlı toqquşmadan əvvəl Azərbaycanın Ermənistana qarşı nümayiş etdirdiyi növbəti xoşməramlı jestdən bəhs edilib. Belə ki, bir neçə gün əvvəl Azərbaycanda həbsdə olan 5 nəfər Ermənistan vətəndaşının azad edilərək qarşı tərəfə təhvil verildiyi nəzərə çatdırılıb. Təhvil prosesinin heç bir vasitəçi olmadan yerinə yetirildiyi vurğulanıb.

R.Rüstəmov bildirib ki, hər bir halda Ermənistanın sonuncu hərbi təxribatı qonşu ölkələr arasında təhlükəsizlik, rifah və birgəyaşayışı özündə əks etdirən sülh gündəliyinə açılmış atəşdır. Sitat: “Ermənistan dərhal, vaxt itirmədən sülh danışıqları masasına qayıtmalıdır”.

Qeyd edək ki, məqalədə keçmiş Sovet İttifaqının süqutundan əvvəl Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddialarının qaldırıldığı, məsələnin silahlı münaqişəyə çevrilməsindən sonra Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Azərbaycanın parlaq Qələbə qazandığı nəzərə çatdırılıb.

 

Search in archive