2022-10-25

Malayziyanın aparıcı istehsalat və investisiya müəssisələrinə Azərbaycanın biznes mühiti barədə təqdimat keçirilib

 
 
 
 
 

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Malayziya İstehsalatçılar Federasiyası (FMM) ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında videokonfrans təşkil edilib. Tədbirə məruzəçilərdən əlavə 50-yə yaxın iştirakçı qoşulub.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov və FMM-in vitse-prezidenti və üzvlük komitəsinin sədri Goh Boon Kim çıxış edərək iştirakçıları salamlayıblar.

Azərbaycanlı diplomat iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində mövcud olan potensialdan söz açıb, ölkəmizin iqtisadi potensialı, əlverişli investisiya mühiti, postmünaqişə dövrünün yaratdığı iqtisadi fürsətlər və imkanlardan bəhs edib.

FMM-in vitse-prezidenti Goh Boon Kim isə 11 min 500 üzvə malik Federasiyanın ölkənin iqtisadi-ticarət sahəsində qabaqcıl təşkilatı olduğunu diqqətə çatdırıb, Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiklərini bildirib, məlumatlılığın artırılmasına xidmət edən bu kimi tədbirlərin önəmini qeyd edib.

Sonra Malayziya Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) Ticarət Komissarı Zahiruddin Basiran, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin İxracın Təşviqi şöbəsinin müdiri Samirə Məmmədova, AZPROMO-nun məsləhətçisi Zöhrab Qədirov və “Holcim Azərbaycan”ın baş direktoru Xalid Samaka təqdimatlarla çıxış ediblər.

Sonda tədbirə qoşulmuş malayziyalı və azərbaycanlı iş adamlarının sualları cavablandırılıb. AZPROMO-dan Samirə Məmmədova və Zöhrab Qədirov malayziyalı iş adamlarını Azərbaycanda investisiya mühiti barədə maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

Search in archive