2023-05-30

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin 105 illiyinə həsr edilmiş rəsmi qəbul keçirib

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin 105 illiyinə həsr edilmiş rəsmi qəbul keçirib. Tədbirdə Malayziya Senatının və nümayəndələr palatasının üzvləri, Malayziyada akkreditə olmuş xarici diplomatik missiyaların rəhbər və əməkdaşları, Malayziya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Azərbaycan icmasının fəalları, media təmsilçiləri, eləcə də Malayziya ictimaiyyətinin çoxsaylı nümayəndələri, o cümlədən QHT və biznes qurumlarının rəhbər vəzifəli şəxsləri, elm-təhsil ocaqlarının əməkdaşları iştirak etmişlər. Həmin günlərdə Malayziyada səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti də qonaqlar sırasında yer alıb.
Tədbirin əvvəlində fəxri qonaq, Malayziya yerli və regional inkişaf nazirinin müavini Datuk Hacah Rubiah və Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Azərbaycan və Malayziya xalqlarının tərəqqisi və firavanlığı, iki ölkənin dövlət başçılarının sağlamlığı və uğurlu fəaliyyətləri barədə arzularını çatdırıblar.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra səfir İ.Davudov bu əlamətdar gün ilə bağlı çıxış edib. Azərbaycan diplomatı ölkəmizin şərəfli müstəqillik tarixindən bəhs edərək, xalqımızın 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli respublika qurduğunu, həmin dövr üçün bu addımın olduqca mütərəqqi nailiyyət hesab olunduğunu qeyd edib. İ.Davudov bildirib ki, növbəti illərdə tarixin ağır sınaqlarına baxmayaraq, Azərbaycan xalqı milli özünəməxsusluğunu, milli mənsubiyyətini böyük mübarizələr hesabına qoruya bilmiş, 1991-ci ildə öz dövlətçilik irsini yenidən canlandıraraq müstəqilliyini bərpa etmişdir.
Səfir İ.Davudov 2023-cü ilin azərbaycanlılar və dünyadakı Azərbaycan dostları üçün daha bir hadisə ilə əlamətdar olduğunu qeyd edib. O, bildirib ki, bu il Azərbaycan xalqı özünün Ümummilli Lideri, Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edir. İ.Davudov öz çıxışında müasir Azərbaycan dövlətçiliyinin tarixinə nəzər salaraq bildirib ki, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illəri Azərbaycan üçün kifayət qədər çətin, mürəkkəb və xaotik mərhələdən keçmişdir. Məhz belə bir zamanda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasəti, qətiyyəti və həyata keçirdiyi hərtərəfli islahatlar, əsasını qoyduğu yeni neft strategiyası nəticəsində Azərbaycanın dövlətçilik təməli möhkəmlənmiş, 2003-cü ildən sonra Azərbaycan Prezidenti İlham Əliyevin strateji zəkası nəticəsində ölkəmiz dinamik inkişaf yolunda uğurla irəliləməyə başlamış və regionda lider dövlətə çevrilmişdir. Səfir, həmçinin bu əlamətdar hadisənin Malayziyada da Ulu Öndərə həsr edilmiş müxtəlif tədbirlərlə geniş qeyd edildiyini, bu tədbirlərin cari ilin sonuna qədər davam edəcəyini bildirib.
Səfir İ.Davudov 2023-cü ilin Azərbaycan-Malayziya dostluğu baxımından da yadda qalan il olduğunu qeyd edib. O, bildirib ki, bu il həm də Azərbaycan və Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir. İki ölkə arasında qarşılıqlı hörmət, əməkdaşlıq ruhuna əsaslanan münasibətlər uğurlu inkişaf yolu keçərək, hazırkı yüksək səviyyəyə çatmış və bütün istiqamətlər üzrə inkişaf etməkdə davam edir.

 

 

Search in archive