2023-10-23

"Simurq" Muğam Ansamblı ölkəmizi Malayziyada keçirilən "Yaşayan incəsənət" mədəniyyət festivalında təmsil edib

Azərbaycan Respublikasının (AR) Mədəniyyət Nazirliyinin dəstəyi, AR-in Malayziyadakı Səfirliyinin təşəbbüsü ilə xanəndələr Mirələm Mirələmov, Vəfa Orucova, tarzən Zəki Vəliyev, kamançaçı Elnur Mikayılov və nağara ifaçısı Kamran Kərimovdan ibarət  “Simurq” Muğam Ansamblı 20-22 oktyabr 2023-cü il tarixlərində Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmiş “Yaşayan incəsənət” (Living Arts Culture Festival) mədəniyyət festivalında ölkəmizi təmsil edib.

Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutmuş festivalda Azərbaycanla yanaşı, Argentina, Belarus, Filippin, Hindistan, İndoneziya, Qazaxıstan, Malayziya, Mavriki adası, Meksika, Misir, Şri Lanka və Özbəkistanın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş milli musiqi növlərində ifaları və rəqsləri nümayiş olunub.

Hər il keçirilən festivalın builki xüsusiyyətlərindən biri isə ilk dəfə olaraq Azərbaycanın bu festivalda təmsil olunmasıdır. Bu xüsusda, tədbirin təşkilatçıları uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkür ediblər.

Azərbaycanın milli musiqi alətlərində ifalar üç gün davam edən festivala xüsusi rəng qatıb, Azərbaycan muğamının özünəməxsus xüsusiyyətləri yüksək səviyyədə təqdim olunub. Muğam ustalarımız tərəfindən ifa olunan Azərbaycan muğamının inciləri musiqisevərlərin böyük rəğbətini qazanıb və sürəkli alqışlarla qarşılanıb.

Festivalda Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin yüksək vəzifəli təmsilçiləri ilə yanaşı, digər dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının üzvləri və musiqisevərlər iştirak ediblər.

Qeyd olunan festivalda ölkəmizin təmsil olunması milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq naminə atılan növbəti uğurlu addım olub.

Search in archive