Səfir İrfan Davudov Bruney Darüssalama işgüzar səfər edib
Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda akkreditə olunmuş səfiri İrfan Davudov 22 noyabr, 2023-cü il tarixində Bruneyə işgüzar səfər edib.
Səfər çərçivəsində Bruney Darüssalamın Qanunvericilik Şurasının (Parlamentinin) spikeri Pehin Oranq Kaya Seri Setia Avanq Hacı Abdul Rahman bin Dato Setia Hacı Mohamed Taib, Maliyyə və İqtisadiyyat naziri (II) Dato Seri Setia Dr Avanq Hacı Mohd Amin Liev Abdullah, Xarici İşlər Nazirliyinin Daimi Katibi xanım Pengiran Nurhaşima binti Pengiran Mohd Hassan, Bruney Milli Ticarət və Sənaye Palatasının prezidenti Hacı Abdul Saman və Bruney İnvestisiya Agentliyinin Hesablama və Maliyyə departamentinin rəhbəri Kamal Əhməd ilə görüşlər keçirilib.
Bruney Darussalam rəsmiləri ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasındakı münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, 44 günlük Vətən müharibəsində, həmçinin cari ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, legitim üsullarla öz əraziləri üzərində suverenliyini bərqərar etməsi, regionda yaranan yeni reallıqlar, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və atdığı addımlar barədə məlumat verilib, ölkəmizdə, xüsusilə azad edilmiş ərazilərdə investisiya imkanları, burada həyata keçirilən bərpa-quruculuq işlərində Bruney şirkətlərinin iştirakı imkanları və digər məsələlər müzakirə olunub.