2023-12-22

Səfir İrfan Davudov Tailand Krallığına işgüzar səfər edib

Azərbaycanın Malayziyada, eyni zamanda Tailand Krallığında akkreditə olunmuş səfiri İrfan Davudov 18-21 dekabr 2023-cü il tarixlərində Tailanda işgüzar səfər edib.

Səfər çərçivəsində Tailand Krallığı Milli Assambleyasının sədri, Nümayəndələr Palatasının spikeri cənab Van Muhamad Noor Matha, Tailand Senatının üzvü cənab Suvat Chirapant, Baş Nazirin Müşaviri və Tailandın Ticarət Nümayədəsi xanım Nalinee Taveesin, Xarici İşlər Nazirliyinin Daimi Katibi cənab Sarun Chareonsuvan, Tailand İnvestisiya Şurasının Baş Katibi cənab Narit Therdsteerasukdi, Tailand Mina Təmizləmə Mərkəzinin Baş Direktoru general-mayor cənab Sorravat Patamakom ilə görüşlər keçirilmişdir.

Tailand rəsmiləri ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasındakı münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, 44 günlük Vətən müharibəsində, həmçinin cari ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, legitim üsullarla öz əraziləri üzərində suverenliyini bərqərar etməsi və bunun nəticəsi kimi regionda yaranan yeni reallıqlar, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və atdığı addımlar barədə məlumat verilib.

Azərbaycanla Tailand arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, Azərbaycan vətəndaşları üçün Tailand vizasının alınmasının sadələşdirilməsi, qarşılıqlı səfərlərin təşkili, iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, ölkəmizdə, xüsusilə azad edilmiş ərazilərdə investisiya imkanları, burada həyata keçirilən bərpa-quruculuq işlərində Tailand şirkətlərinin iştirakı imkanları, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsində Tailand tərəfi ilə texniki əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparılıb.

Səfər zamanı səfir həmçinin “Wincoast Industrial Park” sənaye zonasını ziyarət edib, zonanın idarəetmə surasının və eyni zamanda günəş enerjisi istehsalı sahəsində ixtisaslaşmış “Solar Roof Top Project” şirkətinin rəhbəri cənab Jak Chamikorn ilə görüş keçirilib. Görüş zamanı ölkələrimiz arasında bərpa edilən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Search in archive