“Utusan Malaysia” qəzetində ölkəmizin iqtisadi potensialı və investisiya imkanları barədə yazı dərc edilib
Malayziyanın nüfuzlu malaydilli nəşrlərindən olan, bu ölkə ilə yanaşı İndoneziya və Bruneydə də yayımlanan “Utusan Malaysia” qəzetində ölkəmizin iqtisadi potensialı və investisiya imkanları barədə yazı dərc edilib.
Azərbaycan Respublikasının Malayziyadakı Səfiri İrfan Davudov qəzetə verdiyi müsahibədə Malayziyadan olan investorları ölkəyə, xüsusən də paytaxt Bakıdan təxminən 70 kilometr aralıda yerləşən Ələt Azad İqtisadi Zonasına investisiya qoyuluşları həyata keçirməyə dəvət edib.
“Müstəqillik əldə etdikdən sonra Azərbaycanın Malayziya ilə siyasi əlaqələri hər zaman yüksək səviyyədə olub. Biz bu münasibətləri hər iki ölkəyə fayda verəcək iqtisadi əlaqələrə çevirmək istəyirik”, - deyə Səfir bildirib.
Həmçinin Səfir Azərbaycanın iqtisadi inkişafı fonunda enerji siyasətinin uğurlarına xüsusi diqqət yönəldildiyini bildirib, neft və qaz ilə yanaşı, bərpaolunan enerji potensialımız barədə də geniş məlumat verib.
Bundan əlavə, Azərbaycanın son illərdə genişləndirilmiş nəqliyyat infrastrukturunun regional və qlobal miqyasda təklif etdiyi imkanlar, tranzit yük daşımalar üzrə tətbiq olunan innovativ təcrübələr barədə məlumat verilib, Azərbaycanın Xəzər dənizindəki strateji mövqeyindən Mərkəzi Asiya, İran və Türkiyə, eləcə də bir sıra Avropa ölkələrinə çıxış qapısı kimi istifadə oluna biləcəyi vurğulanıb.
Səfir həmçinin qeyd edib ki, malayziyalı sərmayədarların Azərbaycana potensial investisiyaları nəzərdən keçirmələri iki ölkə arasında münasibətlərin möhkəmlənməsi ilə yanaşı, ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına da töhfə verəcəkdir.
“Səfirlik ölkəmizdə iqtisadi imkanların araşdırılmasında maraqlı olan istənilən təşkilata, o cümlədən Azərbaycanda işgüzar səfərlərin və siyasətçilərlə görüşlərin təşkilində köməklik göstərməyə daima hazırdır” - deyə Səfir vurğulayıb.