2024-02-15

Azərbaycan Respublikasının Malayziyadakı səfiri İrfan Davudov Malayziyanın Sabah ştatına işgüzar səfər edib

Səfər çərçivəsində Sabah ştatının qubernatoru Tun Datuk Seri Panglima Haji Juhar Haji Mahiruddin, ştatın birinci naziri Datuk Seri Panglima Haji Hajiji bin Haji Noor, ştatın Qanunvericilik Assambleyasının spikeri Datuk Seri Panglima Haji Kadzim bin Haji M. Yahya, Sabah ştatının paytaxtı Kota Kinabalu şəhərinin meri Dato’ Sri Sabin Samitah, Malayziya Beynəlxalq Sənaye və Ticarət palatasının Sabah ştatı üzrə Nümayəndəliyinin rəhbəri Datuk Lee Swi Heng və Sabah-Malayziya Universitetinin rektoru Professor Datuk Kasim Haji Mansor ilə görüşlər keçirilib.


Sabah ştatının rəsmiləri ilə keçirilən görüşlər zamanı Sabah ştatı ilə Azərbaycanın regionları arasında münasibətlərin qurulması, Sabah ştatının paytaxtı Kota Kinabalu şəhəri ilə Azərbaycan şəhərləri arasında qardaşlaşma münasibətlərinin yaradılması, parlamentlərarası əlaqələrin yaradılması və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi zəfər, keçən ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlər nəticəsində Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, legitim üsullarla öz əraziləri üzərində suverenliyini tam bərqərar etməsi və bunun nəticəsi kimi regionda yaranan yeni reallıqlar, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və atdığı addımlar barədə məlumat verilib.


Sabah ştatının Azərbaycanla Malayziya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə mümkün töhfəsi, ölkəmizdə, xüsusilə azad edilmiş ərazilərdə investisiya imkanları, burada həyata keçirilən bərpa-quruculuq işlərində Sabah ştatında fəaliyyət göstərən şirkətlərin iştirakı imkanları və digər məsələlər barədə müzakirələr aparılıb.


Səfər zamanı səfir həmçinin Sabah-Malayziya Universitetini ziyarət edib, Universitetin rəhbər heyəti ilə görüş keçirilib. Görüş zamanı Sabah ştatı və Azərbaycanda təhsil imkanları, tələbə mübadiləsi proqramları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

 

 

Search in archive