2024-05-11

Səfir İrfan Davudov Malayziyanın Saravak ştatına işgüzar səfər edib

Azərbaycan Respublikasının Malayziyadakı səfiri İrfan Davudov 9-10 may 2024-cü il tarixlərində Malayziyanın Saravak ştatına işgüzar səfər edib.

Səfər çərçivəsində Saravak ştatın birinci naziri Datuk Patinggi Tan Sri Abang Haji Abdul Rahman Zohari bin Tun Datuk Abang Haji Openg, ştatın Qanunvericilik Assambleyasının spikeri Datuk Mohamad Asfia Awang Nassar və vitse-spikeri Dato Haji Idris bin Buang, Saravak ştatının paytaxtı Kuçinq şəhərinin meri Tuan Haji Hilmy bin Haji Othman, Saravak Ştatı Sənaye və Ticarət palatasının rəhbəri Dato Sri Abang Haji Abdul Karim Bin Tun Datuk Abang Haji Openg və Saravak ştatında fəaliyyət göstərən digər biznes dairələrinin nümayəndələri ilə birgə görüş və tədbir keçirilib.

Saravak ştatının rəsmiləri ilə keçirilən görüşlər zamanı Saravak ştatı ilə Azərbaycanın regionları arasında ikitərəfli münasibətlərin qurulması, parlamentlərarası əlaqələrin yaradılması və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, həmçinin 44 günlük Vətən müharibəsi, keçən ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, legitim üsullarla öz əraziləri üzərində suverenliyini bərqərar etməsi və bunun nəticəsi kimi regionda yaranan yeni reallıqlar, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və atdığı addımlar, eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi yüksək səviyyəli beynəlxalq tədbirlər və 2024-cü ilin 11-22 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib.

Saravak ştatının Azərbaycanla Malayziya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə mümkün töhfəsi, ölkəmizdə, xüsusilə azad edilmiş ərazilərdə investisiya imkanları, burada həyata keçirilən bərpa-quruculuq işlərində Saravak ştatında fəaliyyət göstərən şirkətlərin iştirakı imkanları və digər məsələlər barədə müzakirələr aparılıb.

Səfər zamanı səfir həmçinin Saravak-Malayziya Universitetini ziyarət edib, Universitetin rəhbər heyəti ilə görüş keçirilib. Görüş zamanı Saravak ştatı və Azərbaycanda təhsil imkanları, tələbə mübadiləsi proqramları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

 

 

Search in archive