2024-05-01

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqal ilə görüşüb.

Mayın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqal ilə görüşüb.

Görüşdə Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında danışıb. Forum çərçivəsində keçirilən "Mədəni irsin qorunmasında qanunvericiliyin və qabaqcıl təcrübələrin rolu" mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın sözügedən mövzunun parlamentarilər tərəfindən müzakirəsi və qanunverici orqanlar arasında dialoqun daha da dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Bakı Prosesi” əsasında yaradıldığını xatırladan Milli Məclisin sədri Sahibə Qafarova, bu Forumun hazırda mədəniyyətlərarası dialoq, dünyamızı narahat edən, birgə səylər və əməkdaşlıq tələb edən məsələlər üzrə açıq müzakirələr üçün beynəlxalq səviyyədə mühüm platformaya çevrildiyini bildirib.

Söhbət zamanı həmçinin Azərbaycan və Malayziya arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub. Müxtəlif sahələrdə əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd edilib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında da əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi vurğulanıb.

Görüşdə parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərarası münasibətlərin inkişafına mühüm və müsbət təsir göstərən istiqamətlərdən biri olduğu ifadə edilib. Qeyd edilib ki, parlamentlərimiz arasında qarşılıqlı səfərlər münasibətlərin daha da dərinləşməsinə töhfə verir, dostluq qrupları arasında təmasların gücləndirilməsinin önəmi vurğulanıb. Spiker Sahibə Qafarova parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etməsindən məmnunluğunu bildirib. O, Malayziyanın Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan və mühüm beynəlxalq parlamentlərarası əməkdaşlıq platforması olan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfranslarında iştirakını da yüksək qiymətləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova həmçinin regionda mövcud olan vəziyyət haqqında da danışıb. O, Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, hazırda Azərbaycanın təşəbbüsü ilə ölkəmizin irəli sürdüyü 5 prinsip əsasında sülh sazişinin imzalanması istiqamətində işlərin davam etdiyini bildirib. Sahibə Qafarova deyib ki, sülhün əldə olunması bütün regionda təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyə görə Malayziya tərəfinə təşəkkür edərək, təəssüflə qeyd edib ki, bəzi dövlətlər, ilk növbədə Fransa sülhün bərqərar olmasına və normallaşma prosesinə əngəl törədir.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqal VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

O, Malayziyanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, iki ölkə arasında əlaqələrin bir sıra sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Senat sədrinin sözlərinə görə, dövlətlər arasında münasibətlər xalqlarımızın da daha da yaxınlaşmasına töhfə verir. O, siyasi dialoqla yanaşı, təhsil, mədəniyyət, gənclər siyasəti sahəsində əməkdaşlıq imkanları barədə də fikirlərini bölüşüb.

Söhbət zamanı Mutanq Taqal, ölkəsinin qanunverici orqanlar arasında da dialoq və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq, qarşılıqlı səfərlərin bu istiqamətdə töhfə verəcəyinə inamını ifadə edib.

Qonaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar təbriklərini çatdırıb. Qeyd olunub ki, belə mühüm qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 


 

Search in archive