Malayziya Parlamenti Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub
Mayın 3-də ölkəmizdə səfərdə olan Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqalın başçılıq etdiyi parlament nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub.
Qonaqlar əvvəlcə Füzuli şəhərinə gələrək burada Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidə və Füzuli Şəhər Aeroportu ilə tanış olublar, Füzuli şəhərinin qalıqlarına baxıblar.
Daha sonra Şuşa şəhərinə gələn malayziyalı parlamentarilər burada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Qarabağ” fotosərgisinə tamaşa ediblər.
Sonra qonaqlar Şuşada Şəhər Meydanında, Yuxarı Gövhər ağa məscidində, Cıdır düzündə və İsa bulağında olublar, Şuşanın Qala divarlarını seyr ediblər.
Malayziya parlament nümayəndə heyətini Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, qrupun üzvü İqbal Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.