2024-05-29

Azərbaycanın Malayziyadakı Səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin 106-cı ildönümünə həsr olunmuş rəsmi qəbul keçirib

 

tədbirdə əvvəlcə COP29 və ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.

Malayziya Baş nazirinin aparatında nazir müavini vəzifəsini tutan Tuan M.Kulaseqaran və ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov Azərbaycan və Malayziya xalqlarının tərəqqisi, firavanlığı, iki ölkənin dövlət başçılarının sağlamlığı və uğurlu fəaliyyətləri barədə arzularını çatdırıblar.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir İ.Davudov xalqımızın şərəfli müstəqillik tarixindən və qədim dövlətçilik ənənəsindən bəhs edərək, 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının həmin dövr üçün olduqca mütərəqqi nailiyyət olduğunu bildirib. Növbəti illərdə tarixin ağır sınaqlarına baxmayaraq, Azərbaycan xalqı milli özünəməxsusluğunu, milli mənsubiyyətini böyük mübarizələr hesabına qoruya bilmiş, 1991-ci ildə öz dövlətçilik irsini yenidən canlandıraraq, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa edib.

Səfir Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsindəki əvəzsiz rolundan, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər sayəsində Azərbaycan xalqının müzəffər xalq kimi haqlı qürurundan, Azərbaycanın öz gücü ilə regionda sülhün təsisi istiqamətində əvəzsiz fürsətlər yaratmasından, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi reputasiyasının gündən-günə yüksəldilməsindən və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınmasından ətraflı bəhs edib.

COP29 kimi mötəbər beynəlxalq tədbirin ölkəmizdə təşkil ediləcəyini qeyd edən İ.Davudov Prezident İlham Əliyevin çıxışlarına istinadən, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən də bəhs edib.

Malayziya xalqına və hökumətinə Azərbaycanı daim dəstəklədiyinə görə təşəkkür edən səfir iki ölkə münasibətlərinin daha da inkişafı üçün həyata keçirilən tədbirləri qeyd edib, iqtisadi, bərpaolunan enerji, turizm, investisiya, humanitar, təhsil kimi sahələrdə yaxın gələcəkdə mühüm irəliləyişlərə nail olunacağına, bu sahələrdəki inkişafın iki ölkə arasındakı siyasi və qardaşlıq münasibətlərinin səviyyəsinə uyğunlaşdırılacağına inandığını bildirib.

Malayziyada yaşayan həmvətənimiz Gülçöhrə Babayevanın ifasında Azərbaycan musiqiləri səslənib.

Rəsmi qəbul ziyafətlə davam edib.

 

 

Search in archive