Malayziyada "Şuşa Günləri" keçirilib
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyinin təşkilati dəstəyi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının tərəfdaşlığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə paytaxt Kuala Lumpur şəhərində “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində cari ilin 23-26 iyun tarixlərində 3 gün davam edən mədəni tədbirlər silsiləsi təşkil olunmuşdur. Qeyd olunan layihə İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi çərçivəsində həyata keçirilmişdir.
Layihənin ilk günü Malayziyanın incəsənət mərkəzlərindən biri olan “KL City Art” qalereyasında “Rənglərlə Qarabağa səyahət” adlı rəsm sərgisi təşkil olunmuşdur. Sərgidə Azərbaycan rəssamlarının Şuşa mövzusunda çəkdiyi 30-a yaxın rəsm əsəri nümayiş etdirilmişdir.
Açılış mərasimində edilən çıxışlar zamanı Şuşanın azərbaycanlılar üçün dəyərli tarix və mədəniyyət mərkəzi olduğundan bəhs edilmiş, Şuşanın Azərbaycana və dünyaya bəxş etdiyi ictimai-siyasi, mədəniyyət və incəsənət xadimlərindən söz açılmışdır. Təəssüflə qeyd olunmuşdur ki, bu şəhər uzun illər Ermənistan qoşunları tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlanılmış, lakin 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmişdir. Bundan sonra Şuşa yeni inkişaf dövrünə qədəm qoymuşdur.
Sərginin açılış mərasimindən sonra Şuşa və Qarabağ mövzusunda musiqi nömrələri, Qarabağ və xüsusilə Şuşa mətbəxindən milli təamlar təqdim olunmuşdur.
Layihənin ikinci günündə Kuala-Lumpur şəhərində Türkiyə Səfirliyinin nəzdində fəaliyyət göstərən Yunus Əmrə İnstitutunda Şuşa şəhərinin tarixinə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.
Tədbiri Yunus Əmrə İnstitutunun direktoru Ömər Altun açaraq, xalqlar arasında mədəni mübadilənin əhəmiyyətindən danışmış, Şuşanın tarixi ilə bağlı müzakirənin Yunus Əmrə İnstitutunda keçirilməsindən qürur duyduğunu bildirmişdir.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva Şuşanın çətin və ağrılı tarixi haqqında məlumat vermiş və 30 ilə yaxın erməni işğalı altında qalan şəhərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsindən danışmışdır.
Daha sonra “Şuşanın dağları başı dumanlı” adlı bədii-sənədli film nümayiş olunmuşdur.
TədbirdəMalayziyanın ən nüfuzlu Universiteti olan Malaya Universitetinin professoru Şanmuqam Krişnavani Şuşa şəhəri haqqında fikirlərini bölüşmüş, aparılan müzakirələrdən, eləcə də Şuşa haqqında filmdən Şuşanın nə qədər gözəl və güclü şəhər olduğunu anladığını qeyd etmiş və bildirmişdir ki, üzləşdiyi bütün çətinliklərdən qalib çıxan şəhərin tarixi insanlara həyat dərsi verir.
Sərginin bağlanışına həsr olunan tədbirlər silsiləsinin son günü “KL City Art” qalereyasında baş tutmuşdur. Tədbir zamanı Qarabağa həsr olunmuş müsiqi nümunələri səsləndirilmiş, Şuşa şəhəri və Azərbaycanın turizm potensialından bəhs edən videoçarxlar nümayiş olunmuşdur.
Qeyd olunan tədbirlərdə Malayziyada yaşan Azərbaycan icmasının nümayəndələri, Malayziyalı sənətsevərlər, media nümayəndələri və Kuala Lumpurda fəaliyyət göstərən diplomatik korpusun rəhbər şəxsləri və təmsilçiləri iştirak etmişlər.
Tədbir Malayziya və Azərbaycan KİV-lərində işıqlandırılmışdır.