Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Malayziyaya səfər etmişdir
9-12 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının (AR) Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Malayziyaya həyata keçirdiyi işçi səfər çərçivəsində Malayziya qurumlarında bir sıra görüşlər keçirmişdir.
Belə ki, 9 oktyabr 2024-cü il tarixində F.Muradov Malayziyanın Ali Təhsil nazirinin müavini Mustafa Sakmud ilə görüş keçirmişdir. İki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edən nazir müavini qarşılıqlı tələbə mübadiləsi sahəsində fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulamışdır. Azərbaycanda təhsilə dövlət qayğısı barədə fikirlərini bölüşən Fuad Muradov qarşı tərəfi Xaricdə Təhsil üzrə Dövlət Proqramı, bu il Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan evləri və həftəsonu məktəbləri haqqında məlumatlandırmışdır.
10 oktyabr 2024-cü il tarixində F.Muradov Malayziya Parlamenti Senatının prezidenti Senator Dato Awang Bemee bin Awang Ali Basah ilə görüşmüşdür. Senatın prezidenti iki ölkənin münasibətlərinin son illər yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamış, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Malayziya rəsmilərinin dəvət olunmasına görə minnətdarlığını bildirmişdir. F.Muradov ötən il Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu məmnunluqla xatırlamış, Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında olduğu 30 il müddətində BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin haqlı mövqeyini hər zaman dəstəklədiyinə görə Malayziya hökumətinə minnətdarlığını bildirmişdir. Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verən F.Muradov iki ölkə arasında böyük əməkdaşlıq perspektivlərinin olduğunu vurğulamış, Azərbaycan icmasının Malayziya cəmiyyətinə inteqrasiyası, habelə gənc soydaşlarımızın təhsil imkanları barədə fikirlərini bölüşmüşdür.
Görüşdə senatorlar Datuk Seri Zurainah binti Musa, YB Senator Tuan Manolan bin Mohamad, YB Tuan İsaiah D.Jacob, Dato Dr. Nelson Renganathan da iştirak etmişlər.
F.Muradovun Malayziya Parlamentində digər görüşü isə Parlamentdə fəaliyyət göstərən Qərbi Asiya regionu üzrə Dostluq Qrupunun rəhbəri YB Tuan Ts. Zahir bin Hassan ilə baş tutmuşdur.
11 oktyabr 2024-cü il tarixində Fuad Muradov Malayziyanın Milli Birlik nazirinin müavini xanım senator Sarasvati Kandasami ilə görüşmüşdür. Nazir müavini bu səfəri iki ölkə arasında münasibətlərin artan xətt üzrə inkişafının göstəricisi kimi qiymətləndirmiş, Malayziya Birlik Nazirliyinin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat vermişdir. F.Muradov isə öz növbəsində Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyəti, xaricdə yaşayan soydaşlarımızın milli kimliklərini unutmaması üçün həyata keçirilən layihələr barədə qarşı tərəfi ətraflı məlumatlandırmışdır.
12 oktyabr 2024-cü il tarixində F.Muradov Kuala Lumpur şəhərinin meri xanım Ybhg Datuk Seri Tpr Maimunah Mohd Şərif ilə görüş keçirmişdir. Xanım Şərif ölkəmizdə dəfələrlə səfərdə olduğunu qeyd etmiş, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Malayziya rəsmilərinin dəvət olunmasına görə təşəkkürünü bildirmişdir. O, Malayziya Hökumətinin Kuala Lumpur şəhərinin qədim hissəsinin İçərişəhər kimi qorunub saxlanılması məqsədilə Bakının bu sahədə təcrübəsini öyrənmək və daha sonra Kuala Lumpurda tətbiq etmək niyyəti barədə fikirlərini bölüşmüşdür.
AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Malayziyaya həyata keçirdiyi işçi səfər çərçivəsində Malayziyanın nüfuzlu Malaya Universiteti (UM) və Putra Universitetinin (UPM) professor və müəllim heyəti ilə görüşləri təşkil olunmuş, qeyd olunan görüşlər zamanı Azərbaycan haqqında təqdimatlar edilmişdir.
Bununla yanaşı səfər zamanı Selanqor Xalq Kitabxanası Korporasiyası və Malayziya Milli Kitabxanasında görüşlər də həyata keçirilmiş, universitetlərə və kitabxanalara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunmuş Azərbaycan haqqında kitablar hədiyyə olunmuşdur.
Həmçinin səfər çərçivəsində F.Muradov Malayziyanın Dövlət Teleradiosu (RTM) və Cənub-Şərqi Asiya regionunun nüfuzlu “Astro Awani Global” televiziyasına müsahibələr vermiş, Azərbaycan-Malayziya münasibətlərinin hazırkı səviyyəsi və inkişaf perspektivləri, COP29, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Ermənistan-Azərbaycan sülh gündəliyi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və atdığı addımlar barədə bəhs etmişdir.