Malayziyada Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilmişdir
9-12 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının (AR) Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Malayziyaya həyata keçirdiyi işçi səfər çərçivəsində 12 oktyabr tarixində Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilmişdir.
Malayziya, İndoneziya, Tailand, Filippin, Vyetnam, Kamboca və Cənubi Koreyadan olan diaspor nümayəndələri qatıldığı tədbir Azərbaycan və Malayziyanın dövlət himnlərinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə açılış nitqi ilə çıxış edən səfir İrfan Davudov diaspor tarixində ilk dəfə olaraq reallaşan bu toplantı münasibətilə soydaşlarımızı təbrik edərək diaspor fəaliyyətinin səfirliklərin gücünə güc qatdığını bildirmişdir.
Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri Elçin Bəşirov Tailandda Azərbaycan səfirliyinin yeni fəaliyyətə başladığını, Səfirliyin diaspor fəallarına hər zaman dəstək verməyə hazır olduğunu vurğulamışdır.
Tədbir iştirakçılarına ölkəmizin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə reallaşan irihəcmli layihələr, o cümlədən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və s. haqqında ətraflı məlumat verilmişdir.
AR Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya azərbaycanlılarının, o cümlədən Cənub-Şərqi Asiyadakı icmalarımızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, həqiqətlərimizin təbliğində fəal iştirak etdiklərini qeyd etmişdir.
Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları cavablandırıldıqdan sonra diaspor nümayəndələrinin təklifi ilə Cənub-Şərqi Asiya regionunda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis olunmuş, Elçin Hüseynov Malayziya, Əli Hüseynli İndoneziya, Gündüz Qasımlı və Elşən Bənnayev Tailand, Təranə Babayeva Filippin, Əli Əlizadə Vyetnam, Fuad İmamquliyev Kamboca, Cəmil Vəliyev Cənubi Koreya üzrə AKŞ-nin koordinatorları seçilmişlər.