2024-11-09

Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü Malayziyada qeyd olunmuşdur

8 noyabr tarixində Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində yerləşən “Ritz Carlton” mehmanxanasında Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edilmişdir.


Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi tərəfindən təşkil edilən tədbirdə Malayziyada akkereditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Malayziyanın rəsmi qurumlarının təmsilçiləri, Malayziya Parlamenti Senatının və Nümayəndələr Palatasının üzvləri, nüfuzlu universitetlərin, elmi-tədqiqat qurumlarının, işgüzar və ictimai təşkilatların nümayəndələri, Malayziyada yaşayan həmvətənlərimiz iştirak etmişlər.


Tədbir iki ölkə himnlərinin səsləndirilməsi ilə başlamışdır. Zəfər Günü ilə bağlı video-çarxın nümayişindən sonra Səfir İrfan Davudov əlamətdar günün mahiyyəti ilə bağlı çıxış etmişdir. Səfir çıxışı zamanı Prezident İlham Əliyevin siyasi və hərbi rəhbərliyi altında xalqımızı şanlı Zəfərə aparan yolun hərbi, iqtisadi-sosial, siyasi və strateji tarixindən, Azərbaycanın öz haqlı mübarizəsində qarşılaşdığı ikili standartlar və digər bütün çətinliklərə baxmayaraq, beynəlxalq hüququn tələblərini tək başına icra edərək Zəfərə nail olmasından bəhs etmişdir.


Səfir həmçinin, iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində tarixi fürsətin yarandığını, əhəmiyyətli irəliləyişlərə nail olunduğunu qeyd edərək, eyni zamanda Ermənistanın regionumuzdan uzaq qüvvələr tərəfindən silahlandırılması və revanşist xülyalarla cəsarətləndirilməyə davam edilməsinə xüsusi diqqət çəkmişdir. İşğaldan azad edilmiş, Prezident İ.Əliyevin sərəncamı ilə “yaşıl enerji” zonası elan edilmiş ərazilərdə sürətlə aparılan bərpa-quruculuq işlərindən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından da bəhs edilmişdir.


Daha sonra, işğal dövründə erməni vandalizminə məruz qalmış yaşayış məskənlərimiz, tarixi, dini və mədəni abidələrimizlə bağlı qısa video-çarx nümayiş etdirilmişdir.


Tədbir çərçivəsində Zəfər Günü, eləcə də ermənilər tərəfindən dağıdılan və ölkəmiz tərəfindən bərpa edilən abidələrimizlə bağlı foto-sərgi də nümayiş etdirilmişdir.

 

Search in archive